Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub. Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlar nümayiş olunub.
Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələnGürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir Giorgi Kvirikaşvilişənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran dövlət və hökumət başçıları Novruz adət-ənənələri ilə tanış olublar.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Prezidentə Novruz bayramının özəllikləri barədə məlumat verib. Gürcüstanın dövlət və hökumət başçıları samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar. Prezident və Baş nazir idmançıların çıxışlarını da izləyiblər.
Giorgi Marqvelaşvili bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb. Prezident Gürcüstanın, o cümlədən Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların Novruz bayramını Azərbaycan dilində təbrik edib.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.
Sonda incəsənət adamlarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli