Əlli beş nədir ki, yüz yaşayasan!
Təbriklər qızım, yaşını söyləmə,
Hələ gözlərimdə körpə uşaqsan,
Sənə şeir yazım, kimsəyə demə.
Sevgi dolu dünyamın ilk nübarı,
İlk barı, bəhrəsi, Tanrı töhfəsi.
Hər keçən sənli günləri, ayları
Həyatın mənası, ömrün nəşəsi.
Yaxşı ki, doğulmusan, xoş gəlmisən!
Müdhiş gəlişin işıqlı cahana.
Şair könlümün ilhamı, sehrisən
Xeyir-duamla uğurlar yoluna.
Bu da bir zamandır gəlib çatmısan
Od götürüb kirpiyinlə çalışdın.
Nə var dişin, dırnağınla qazanmısan
Sən dünyaya zirvələrdən boylandın.
Hər yerdə qürurla çəkildi adın,
Əzmin, hünərin, təmkin yaraşığın.
Həyatını ləyaqətlə yaşadın,
Vüqarına biçilib ucalığın.
Boş-boşuna keçirməyib vaxtını,
Gecəli-gündüzlü yazıb, yaratdın.
Zəhmətinin bəhrəsi kitabların,
Parlaq zəkan, savadınla tanındın.
Səbrlə fəth etdin elmin zirvəsini,
Səninlə öyündü dost, tanışların.
Ətrafında hər kəsin sevgisini
Zaman-zaman rəğbətinlə qazandın.
Qürurla alqışlanan əzmkarlığın,
Öz əqidən, öz yolun, öz amalın.
İlahi payıdır uca Tanrının,
Məni sevindirən xoş sədaların.
Enişli, yoxuşlu, daşlı, kəsəkli,
İllərə söykənən ömrün hər anı.
Səni heç qorxutmadı məşəqqətli
Həyatın sınağı, hər imtahanı.
Ümidlə yaşanan sabahlarımın,
Qoşa qanadları hər uğurların.
Səadət payı könül sarayımın,
Şərəflə keçdiyin həyat yolların.
Dağlardanmı aldın əzəmətini?
Sən mənim bir dünya sevinc payımsan.
Vaxt, zaman göstərdi cəsarətini,
Sən mənim fəxrimsən, iftixarımsan.
Səadətə qovuşsun xoşbəxtliyin,
Ən möhtəşəm illər olsun qismətin.
Biri birindən xoş, şad xəbərlərin,
Məni sevindirsin nailiyyətin.
Həyatda hamıya oldun səmimi,
Vətənə layiq mətin vüqarınla,
Həyat eşqi ilə bir günəş kimi,
Parladın zəkanla, istedadınla.
Səadət beşiyi doğma Vətəndən
Zəng elə danışaq havadan, sudan.
Sənə salamlarım bu qərib eldən
Daima olsun əbədi talisman.
ZiM.Az
.
