Dünyada gözəl nəcib peşələr çoxdur. Həkim insanlara şəfa verir, mühəndis yüksək binalar ucaldır, yollar, körpülər salır. Ancaq bir peşə var ki, o müqəddəs peşədir. Bu isə müəllimlikdir.
Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Bütün peşə sahibləri öz seçdikləri sənətin sirlərini müəllimdən alır.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu həqiqətən belədir. Əlindən tutaraq ona əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Müəllimlər də ad-san sahibi olan öz yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu zaman adətən xoş xatirələr göz önündə canlanır. Həmişə yetirmələri tərəfindən xoş xatirələri göz önündə salınan, əsl müəllim kimi daxil olmağı bacaran peşəkar müəllimlərdən biri də Maya xanım Hacıyevadır.
Maya Rüstəm qızı Hacıyeva – 1959-cu il mayın 13-də qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Yuxarı Oruzman kəndində dünyaya göz açıb. O, 1976-ci ildə Yuxarı Oruzman orta məktəbini bitirdikdən sonra 1977-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstituna qəbul olub. 1981-ci ildə ali təhsilini başa vuraraq, təyinat üzrə Dmanisi rayonunun Yeni Gödək-Dağ kənd məktəbinə müəllim göndərilib. İki il bu məktəbdə işlədikdən sonra, 1983-cü ildən o, pedaqoji fəaliyyətini doğma Yuxarı Oruzman kəndindəki orta məktəbdə davam etməyə başlayıb. 2005-ci ildən 2021-ci ilə qədər həmin məktəbdə dərs hissə müdiri, 2021-ci ildən isə Yuxarı Oruzman ictimai məktəbdə direktor vəzifəsini şərəflə yerinə yetirir… Üç oğlu, beş nəvəsi var…
Müəllimlərin var olduğu bütün günlərin şərəfinə onlardan sevgini, qayğını, diqqəti əsirgəmək olmaz, çünki onlar hər zaman bu deyilənləri heç kəsdən əsirgəmirlər. Müəllim elə ali bir varlıqdır ki, onun qəlbini fərəhləndirmək, üzünü güldürmək üçün maddi yox, mənəvi dəstək olduqca önəmlidir. Ona görə də onlar haqqında nə qədər çox yazılsa da müəlliflərin heç vaxt qələmi yorulmaz, əksinə qələminin gücü, qüdrəti daha da artar.
Cəmiyyət üçün sağlam düşüncəli, yararlı insanların yetişdiril-məsi yolunda öz sevgisini, qayğısını, ana nəvəzişini əsirgəməyən Maya müəllimənin bu bahar 65 yaşı tamam olur.
ÖMÜR TÖHFƏSİ
Bu şeirimi uzun illər şərəfli əməyini
öz ana nəvazişi ilə körpələrin
təlim-tərbiyəsinə həsr etmiş
elimizin hörmətli müəllimi
Maya Hacıyevaya hədiyyə edir.
Ötüşən illərin hər nişanəsi,
Şərəfli əməyin barı, bəhrəsi,
Zəhmətlə verdiyi ömür töhfəsi,
Hər zaman parlayan gür sayrışıqdı.
Yaxşılıq eyləmək ləyaqətidi,
Pisliyə göz yummaq dəyanətidi,
Şirin münasibət sədaqətidi,
Amalı səmimi xoş barışıqdı.
Qəlbində sevincin izi bəslənib,
Dilində xoş sözün yüzü bəslənib,
Çöhrədə gülüşün gözü bəslənib,
Təbəssüm üzünə bir yaraşıqdı.
Tanrının sevdiyi siz qulunda,
Xoşbəxtlik yazısı olur alında.
Maya müəllimin hayat yolunda
Hər arzu-diləyi nurlu işıqdı…
XIDIR MÜRSƏLOĞLU,
GAMİ-nin Dmanisi rayonu üzrə nümayəndəsi
ZiM.Az
.