ALLAH RƏHMƏT ELƏSİN…
Bu günlərdə qədim Qarayazının ağır ellərindən olan Soğanlıq kəndinə ağır itki üz vermişdir.
Elimizin-obamızın sevimlisi, tanınmış el ağsaqqalı, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan Nəriman Alməmməd oğlu Qurbanov 2024-cü il yanvarın 23-də 86 yaşında vəfat etmişdir.
Nəriman Alməmməd oğlu Qurbanov – 15 noyabr 1937-ci ildə Gürcüstan SSR-nin Qardabani rayonunun Soğanlıq kəndində anadan olmuşdur. 1944-cü ildə Soğanlıq 7 illik məktəbinə daxil olub, oranı 1952-ci ildə bitirdikdən sonra təhsilini davam etdirmək üçün Azərbaycanın Qazax şəhərinin 1 №-li orta məktəbinə daxil olmuşdur. 1955-ci ildə məktəbi bitirib və həmin ildə də Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakultəsinə daxil olmuş, lakin ailə vəziyyətinin çətinliyini nəzərə alaraq təhsilini davam etdirməyə getməmiş, bir il Soğanlıq 8 illik məktəbində pioner baş dəstə rəhbəri işlədikdən sonra 1956-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedoqoji İnstitutunun tarix-ədəbiyyat fakultəsinə qəbul olmuşdur. 1961-ci ildə həmin institutu bitirmişdir. Tələbə olarkən 1957-1958-ci illərdə Xam Torpaqlarda məhsul yığımında iştirak etmiş, partiya və komsomol komitələrinin Fəxri fərman və medalı ilə təltif olunmuşdur.
1961-ci ilin sentyabrında öz doğma kəndindəki orta məktəbdə, tarix-ədəbiyyat müəllimi kimi işə başlamışdır. Həmin ilin noyabr ayında hərbi xidmətə çağırılmışdır. 1962-ci ilin yanvar ayında Leninqrad Hərbi Akademiyasının təkmilləşdirmə kursuna göndərilmişdir. Oranı bitirdikdən sonra leytenant rütbəsinə layiq görülmüşdür.
Murmansk, Sverdlovski, Belorusiya, Moldaviya, Ukrayna, Krım, Azərbaycan və Orta Asiya şəhərlərində öz hərbi borcunu yerinə yetirmişdir. Nəhayət, 1963-cü ildə ordudan təxris edilərək, öz doğma kəndinə qayıtmış və doğma Soğanlıq orta məktəbində pedaqoji fəaliyyyətini davam etdirmişdir. 1968-ci ildə Qardabani Rayon Partiya Komitisinə işə çağırılmış, 1979-cu ilə qədər partiya işində olmuş, Qardabani südçülük-tərəvəzçilik sovxozunda Partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.
1979-cu ildə Soğanlıq orta məktəbinə direktor müavini gondərilmiş, 1982-ci ildən isə direktor vəzifəsinə təyin edilmişdir. 1997-ci ilədək direktor vəzifəsində çalışmış, həmin ildən 2014-cü ilə qədər tədris hissə müdiri vəzifəsini yerinə yetirmişdir. 2014-cü ildən xəstəliyi ilə əlaqədar olaraq məktəbdən ayrılmışdır.
Nəriman Qurbanov əmək fəaliyyəti dövründə “Qırmızı əmək bayrağı” ordeni və 5 medalla təltif olunmuş, “Əmək veteranı” adına layiq görülmüşdür.
Nəriman Qurbanov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Elmira müəllimə ilə birlikdə dörd övlad – 3 qız, 1 oğul böyüdüb boya-başa çatdırmışdır. Böyük qızı Nişanə faciəvi şəkildə vaxtsız dünyasını dəyişmişdir. 2018-ci ildə Elmira müəllimə, 2024-cü il yanvarın 23-də isə Nəriman müəllim vəfat etmişdir. Allah hər üçünə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun…
Çinarə ALLAHVERDİYEVA,
Tbilisi şəhərindəki 218 saylı orta məktəbin müəllimi
REDAKSİYADAN:
Biz də qədim Qarayazının ağır ellərindən olan Soğanlıq kəndinin tanınmış el ağsaqqalı, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan Nəriman Alməmməd oğlu Qurbanovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, əzizlərinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun…
Müşfiq BORÇALI,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
[ad_2]