Sadıqov Arif Umud oğlu – 1955-ci ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonunun) Dəllər kəndində anadan olmuşdur. 1962-ci ildə həmin kənd məktəbinin birinci sinifinə daxil olmuş, həmişə əla qiymətlərlə sinifdən, sinifə keçmişdir. Ailədə səkkiz uşaq olublar. Valideynlərinin tələbkar nəzarəti altında səkkizi də məktəbdə nizam-intizamlı, tərbiyəli, əla və yaxşı oxuyan şagird kimi başqalarına nümunə göstəriliblər.
Sadıqov Arif məktəbli illərində ədəbiyyat və riyaziyyat fənnlərinə daha çox maraq göstərib. Ona görə də 1972-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna sənəd verərək, riyaziyyat fakültəsinə qəbul olub. I-ci və II-ci kurslarda Vətən, Ana, sevgi, məhəbbət, gənclik haqqında şeirlər yazıb. 1976-cı ildə ali təhsilini başa çatdırıb təyinatla ata yurduna qayıdan Sadıqov Arif ilk pedaqoji fəaliyyətinə Başkeçidin ən sanballı məktəblərindən biri olan Yuxarı Oruzman kəndində başlayıb. O məktəbdə ki, Cəlal Musayev kimi rayonun ilk Əməkdar müəllimi rəhbərlik edirdi. 1978-ci ilə qədər Musayev Cəlal müəllimin məktəbində püxtələşən Arif Sadıqov 1978-ci ildə Başkeçid rayon Maarif Şöbəsinin əmri ilə Dəllər kənd orta məktəbinə riyaziyyat müəllimi, 1985-ci ildə tədris işləri üzrə dərs hissə müdiri, 1990-cı ildən isə məzunu olduğu məktəbə direktor təyin edilib.
Elə həmin illərdə Gürcüstanda baş vermiş milli-siyasi hadisələrlə əlaqədar olaraq, 1993-cü ildə, minlərlə soydaşımız kimi, Arif Sadıqov da öz dogma məktəbindən, eləcə də, elindən-obasından ayırılıb Azərbaycana köçməyə məcbur olub. Bakı şəhəri Binəqədi rayonunun Görədil qəsəbəsində məskunlaşıb. Rabitə Nazirliyinin Pioner düşərgəsində qaçqınlar üçün təşkil etdiyi Şuşa şəhər 9 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi çalışmağa başlayıb. O, məktəb üzrə şagirdlərin hamısına riyaziyyat fənnini sevdirmək üçün riyaziyyat təcrübəsini onlardan əsirgəməyib. Eyni zamanda, öz övladlarının da ali təhsil alması üçün elmi zəhmətindən yorulmayıb. Arif Sadıqovun həyat hədəflərinin ən əsası odur ki, “Müəllimin neçə övladı varsa, hökmən hamısı ali təhsil almalıdır”, – deyir.
Elimizin zəhmətkeş, ləyaqətli müəllimlərindən olan Arif müəllim əsl həyat qəhrəmanıdır.
Ona görə ki, Azərbaycanın ən ağır şəraitli vaxtında dörd övladla Bakı şəhərinə köçüb, yerləşmək, ev qurmaq, dörd övladın 4-nün də universitet təhsili alması üçün atalıq vəzifəsini şərəflə yerinə yetirmək həqiqətən qəhrəmanlıqdır.
Həm müəllim kimi, həm də qüdrətli ata kimi öz vəzifələrini ləyaqətlə yerinə yetirməyə çalışan Arif Sadıqov həmişə doğma yurdunun həsrətini çəkib. Qəriblik acısı yenidən onun şeir yazmağına təkan verib. Vətən, yurd ağrısı ilə yazdığı şeirlərini ara-sıra “Borçalı” qəzetində nəşr etdirib.
Könül al qüssəmin əlindən məni,
Yalçın qayalara, yaylağa çatdır.
Yarım zirvələri, sonam çəməni,
Görməyə, öpməyə dodağa çatdır.
Səni boş işlərə buyurmuram mən,
Ən əziz duyğudur qəlbimdən keçən.
İnsan qaçar, köçər, dəyişməz Vətən,
Məni Məkkəm, Kəbəm torpağa çatdır.
Şair xəyallarım bir ona baxar,
Bir kənddə bir yurda virana baxar.
Əzizlərim yatan məkana baxar,
Məni qəbristana sadağa çatdır.
Titrədər qəlbimi meh də, sazaq da,
Gülüş gözdə donar, nəğmə dodaqda.
Arif qərib düşüb, Vətən uzaqda,
Amandı bülbülü budağa çatdır.
Şair təbiətli Arif Sadıqov bütün mənalarda bir ali ocağın dördüncü qardaş nümayəndəsidir. Hesabda dörd qardaşın on dörd övladı var. Bu xoşbəxt ocaqda böyüyənlərin hamısı müxtəlif sahələrdə Dövlət universitetlərinin məzunlarıdır. Bu məzunların içində özünün söylədiyi kimi həkim, müəllim, hüquqşünas, hərbiçi, iqdisadçı olanlar var.
Bu xoşbəxt ocaq övladlarını tərbiyəli, mərifətli, ali təhsilli böyütmək ruhunu öz valideynlərindən alıbdır. Övladın gözəl həyat yaşaması üçün pərvanəyə dönməyi bacarıblar.
Eşq olsun belə ailələrə və belə valideynlərə!
2020-ci ildə təqaüdə çıxan Arif Sadıqov hazırda maraqlı və mənalı həyat yaşayır. Azyaşlı nəvələrinin məktəbə gedib-gəlməsinin təhlükəsizliyini baba kimi qoruyur, onların dərs tapşırıqlarının hazırlanmasına isə müəllim kimi nəzarət edir.
Gözəl ailə, ocaq başçısı olan Arif müəllimlə, Gülnarə xanımın iki oğlu, iki qızı var.
Sadıqov Muraz Arif oğlu – Azərbaycan Texniki Universitetini fərqlənmə diplimu ilə bitirib. Könüllü olaraq Hərbçi həyatı yaşamağa üstünlük verib. Azərbaycan Ordusunun zabiti kimi II Qarabağ savaşının qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenantdır.
Etibar Arif oğlu – Azərbaycan Texniki Universitetini bitirib, ixtisası üzrə “Azərcell” Rabitə şirkətində çalışır.
Kəmalə Arif qızı – N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib.
Xəyalə Arif qızı – Azərbaycan Müəllimlər İnstitunun ibtidai sinif və məktəbəqədər tərbiyə fakultəsini bitirib.
Bəli! Bütövlükdə, elmlərin də, vəzifələrin də, sənətlərin də, peşələrin də başında müəllim dayanır. Sadıqov Arif müəllimin timsalında, müəllim adını ləyaqətlə daşıyan müəllimlərimizə möhkəm can sağlığı, bərəkətli ömür arzulayırıq.
Nümunəvi ailəsi, ocağı, övladları olan çox hörmətli Arif müəllim, hər yerdə, həmişə fəxr edin, qürurlanın, çünki fəxrlə yaşamağa, qürur duymağa haqqınız var!..
Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin və
“Borcali.org” saytının
redaktor müavini
.