Unutsaq, unudularıq!..
Ehtiyat igidin yaraşığıdır, – deyib dədələrimiz.
Mən də deyirəm ki, mərhəmət, mərdin daxili vəzifəsidir.
Eloğlumuz Yasin Hümmət oğlu ulu Borcalının mərhəmətli mərd oğullarından biridir.
Mədədov Yasin Hümmət oğlu – 1956-cı ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Dunus kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir.
1963-cü ildə Dunuş kənd məktəbinin I-ci sinfinə getmişdir. 1970-1971-ci tədris ilində 8 illik Dunus məktəbini bitirən gənc Yasin kamal atestat almaq üçün Dmanisi rayon məktəbinin IX sinfinə daxil olmuşdur.
Ailədə dörd bacı, iki qardaş olublar. Yasin ailənin böyük övladı olduğu üçün valideynlərinin sağ əli idi. Məktəbdə əla qiymətlərlə oxumaqla yanaşı, həm də ailə təsərrüfatında çalışıb ata-anasına maddi dəstək olurdu.
1973-cü ildə orta məktəbi bitirib Bakı şəhərinə gedən Yasin peşə məktəbində elektrik-qaynaqçı ixtisasına yiyələnmişdir.
1974-1976-cı illərdə Rusiya Federativ Sovet Sosialist Respublikasında hərbi xidmət etdikdən sonra öz doğma kəndinə qayıtmışdır. Kənddə münasib işlə təmin olunmadığına görə, böyüklərin məsləhəti ilə 1977-ci ildə işlə bağlı Arxangelsk şəhərinə getmişdir.
1981-ci ilə qədər türmədə nəzarətçi və rəis vəzifələrində çalışmışdır. Doğma diyardan çox-çox uzaqlarda məsul vəzifə sahibi olan Yasin Mədədov məzuniyyətə çıxanda kəndə gəlmiş, valideynlərinin məsləhəti ilə kənd qızlarının içindən Sultan adlı bir gözəli bəyənmiş, nişanlanmış, 1979-cu ildə ailə qurmuşdur. Yasin Mədədov ailəliklə Rusiyanın Saratov şəhərinə köçmüşdür. 1981-1983-cü illərdə yenidən təhsilini davam etdirmək üçün Daxil İşlər Nazirliyinin milis məktəbinə daxil olmuşdur. Həmin məktəbi müvəffəqiyyətlə bitirəndən sonra 1983-cü ildə yenidən Arxangelsk şəhərinə qayıtmışdır. Dövlət Yol Milis İdarəsində inspektor vəzifəsinə təyin edilmişdir.
Mədədov Yasin Arxangelskdə yaşayıb, çalışsa da, ürəyi Vətəndə, fikiri Azərbaycanda qalmışdı. 1990-cı il 20 yanvar müsibəti onu çox ağrıtmışdı. Ona görə də, 1991-ci ildə -Vətənin ağır günlərində, Arxangelskdən Bakıya köçmüşdür. Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində İcra Hakimiyyətinin nümayəndəsi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində qəsəbənin ən hörmətli polislərindən biri olmuşdur. Xaraktercə humanist, mərhəmətli, mərd, xeyirxah olan Yasin Hümmət oğlu öz adına-sanına hörmət edən, Azərbaycan qanunlarına sadiq, vətəndaşlıq borcuna etibarlı bir insan idi. İş vaxtı olmayanda mülki geyimdə gəzərdi. Qara eynək taxar, qara köynək geyinərdi. Hər iki geyimdə dağlar oğlu çox gözəl görünərdi. Sahil qəsəbəsində onu tanıyanların əzizinə çevrilmişdi. Mədədov Yasinin hər yerdə yüzlərlə, minlərlə dostu, tanışı vardı. O, uşaqlarla da dostluq etməyi bacarırdı. Qəsəbə yeniyetmələri, azyaşlıları ona öz doğması kimi əziz-əziz “Yasin əmi!”, “Yasin dayı!” – deyə müraciət edirdilər.
Dost, tanış salamı almaqdan zövq alan, həyatda, vəzifəsində alqış-duaya işləyən Yasin Hümmət oğlunun dostlarının içindən xüsusi seçim etdiyi könül dostları da vardı ki, onlarla həmsöhbət olmağa tez-tez vaxt ayırardı. Dostlarından ən yaxın olanlarının adını çəkirəm: Səfərlidən Qurbanov Məhəbbət, Qurbanov Öylət, Qaraçöpdən Səmədov Muxtar, Şair Səməd Səmədov, Ləmbəlidən İmran Novruzlu, Şahmarlıdan Fərman Vəliyev…
Vətən sevdalısı Yasin Hümmət oğlunun yadına Başkeçid düşəndə, ata yurdu deyə kövrələndə bu adını çəkdiyim dostlarını görüşə çağırardı. Dostlar Sahil qəsəbəsində Xəzər dənizinin ləpələrinin ayna bəndini döyəclədiyi Batabat çay evində toplaşardılar.
Borçalı, Başkeçid sevgiləri ilə dolu ürəkləri açılardı. Kövrək söhbətləri səhərə qədər davam edərdi.
1993-cü ildən Bələdiyyə polis şöbəsinin rəisi, daha sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsinə təyin olunmuş və polis kapitanı rütbəsi ilə işləmişdir.
Vətənə, xalqına, vəzifəsinə ləyaqətlə xidmət edən polis kapitanı, üç oğul atası Mədədov Yasin 2007-ci ildə təqaüdə çıxmışdır.
Gecəsi-gündüzü bilinməyən məsul bir vəzifəsi olsa da, Mədədov Yasin həmişə doğmalarını diqqət və nəzarətdə saxlayırdı, hətta yaşlanandan sonra da qardaş, bacısına hörmətlə yanaşardı, onları həm qardaş, həm də ata kimi sevərdi, əzizləyərdi. Ən çox da bacısı Minayə xanımı daha çox sevərdi. Minayə xanım Türkiyədə yaşadığına görə onu qərib sayardı. Tez-tez bacısını arayıb, axtarardı. Hər dəfə Türkiyəyə səfər edəndə ilk öncə İstanbul ziyarətgahlarını və camelərini ziyarət edərdi.
Gözəl insan, məsuliyyətli sistem işçisi, sevimli qardaş, ləyaqətli ata Mədədov Yasin Hümmət oğlu 2021-ci ildə, 65 yaşında haqqın dərgahına qovuşub. Dünyanı silkələyən “andıra qalmış kovid” sanki yaxşıları aparmağa gəlmişdi. Mədədov Yasin kimi neçə-neçə dəyərli insanlarımızı vaxtsız aradan götürdü.
Ölümündən iki il sonra ömür, gün yoldaşı Sultan xanım da dünyasını dəyişdi. Allah rəhmət etsin.
Dunuş kəndinin sayılan, seçilən ağsaqqalı Mədədov Yasinin müəllimi olmuş Kazım Musayevin söylədikləri:
– Mədədov Yasin həqiqətən ləyaqətli oğul idi. Ata -anasına sidq ürəklə qayğı göstərərdi. Onların qarşısında ömründə bir dəfə də olsun “off” demədi. Elinə-obasına can yandırardı, xeyrində, şərində ürəkdən iştirak edərdi. İmkansızlara imkan daxilində əl tutardı. Problemi olanlara xeyirli yollar göstərər, faydalı məsələhətlər verərdi. Bəzən ərki çatan ailələrin evinə gedərdi, problemlərini yerindəcə həll edərdi. O, sistemdə işləyəndə də beləydi. Yol hadisələri zamanı sürücülərdən öz xeyirxahlığını əsirgəməzdi. Onların xeyirinə tədbir görərdi. Buna görə də onu “sürücülərin dostu” kimi tanıyırdılar.
Bəli! Mədədov Yasin Kazım müəllimin söylədiyi kimi bu dünyada ləyaqətli ad-san, bir də üç mərifətli oğul qoyub, cənnətə köçdü.
Elnur Yasin oğlu – Odlar Yurdu Universitetin hüquq fakültəsini, Eldar Yasin oğlu – Texniki Universiteti, Edqar Yasin oğlu isə texnikom bitirib.
İnsanların qəlbində yaxşı adam kimi izi qalan Mədədov Yasin Hümmət oğluna Allahdan rəhmət diləyirik, övladlarına isə can sağlığı arzulayırıq.
Azərbaycan Polisi xalqın qoruyucu mələyidir.
Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin və
“Borcali.org” saytının
redaktor müavini
ZiM.Az
.