Ça. Noy 28th, 2023

Şəfa İbrahimli: “QAYALAR, QORUYUN, ƏMANƏTİMİ…”

ƏMANƏTİM

Dəniz sahilində, şiş qayalarda,
Mənim çox qiymətli əmanətim var.
Yağanda yağışlar, çovğun, boran, qar,
Elə bil dünyalar olur mənə dar.

Göylərdə dolaşan qara buludlar,
Baxdıqca elə bil könlüm alışar,
Dedim əmanətim tək yalqız qalar,
Tökülən leysanlar qayanı oyar.

Qayalar, qoruyun əmanətimi,
Gələrəm baxmağa götürməsəm də.
Özüm getdimsədə, dağı qəlbimdə
Ölüncə qalacaq həsrət gözümdə.

Qayalar, qoruyun əmanətimi…

 

QƏRİB ELDƏ

Ürəyində daim nisgil,
Baxışları kədərlidir.
Düşünər ki, ötəridir
Qərib elə düşən kəslər.

Ürəyində hicran qəmi,
Xatırlayar ötənləri.
Yada salar o dəmləri,
Qərib elə düşən kəslər.

Qəlbində var vətən eşqi,
Daşıyır ki, bu möhnəti,
Yetər sona bu həsrəti,
Qərib elə düşən kəslər.

Xatırlayar ocağını,
Gəlib-gedən qonağını,
Yaş isladar yanağını,
Qərib elə düşən kəsin.

 

ARZULARIN ŞƏRƏFİNƏ

Mənim arzularım çoxdur,
Zirvəyə çatmağa yoldur.
Bu badəni yaxşı doldur
Arzuların şərəfinə…

Arzusuz hayatım heçdir,
Bu duyğular gəlbdən keçdi.
Vüsala tələsmək gecdi,
Arzuların şərəfinə.

Arzularım mənə hayan,
Yuxulusan, vallah, oyan,
Bu məclisdən keçmə dayan
Arzuların şərəfinə…

ZiM.Az

 

.