Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi, türkoloq-alim,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanovun
əziz xatirəsinə
Müqəddəs bir yurddan ucaldı səsi,
Daşıdığı məna, biliyə, alqış.
Ulu Borçalının qalib Bilgəsi-
Xalqına verdiyin əməyə, alqış.
Sən elmə, o sənə könül vermişdi,
Sirrini, sözünü sənə demişdi,
Belə vaxtsız getmək, söylə nə işdi?
Türklüyə verdiyin ürəyə, alqış.
Ruhuna can qatdın bu məğrur elin,
Yaşatdın tarixin, yaşatdın dilin,
“Borçalı oğluyam, ay ellər bilin,
Qarşımda kim durar?”, – deyənə, alqış.
Aşiqi olduğun bu gözəl Vətən,
Şükür bütövləşir, ey Bilgəm, bil sən,
Daha rahat uyu, can evindəsən,
Vətənçin çəkdiyin çiləyə, alqış.
Demə alim öldü, aləm dağılar,
Qəhr olsun, tarimar olsun yağılar,
Birimiz gedərik, minlər doğular,
Bizə yollar açan diləyə, alqış
Bizə meydan verən ürəyə alqış!…
Zərnişan TURAN,
Azərbaycanın Əməkdar jurnalisti
ZiM.Az