Texnologiya Universitetində mövcud ekoloji vəziyyətlə bağlı elmi praktik konfrans keçirilib.

Azərbaycan Texnologiya Universitetində (ATU) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi praktik konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Mingəçevir Dövlət Universitetinin rektoru, i.f.d. dos. Şahin Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi dos. Zəfər Qurbanov iştirak edib.
Konfransda həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Göygöl Milli Parkı təmsil olunub.
Konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.

Daha sonra giriş sözü ilə ATU-nun rektor əvəzi dos.Yaşar Ömərov çıxış edib. Bildirib ki, torpaqlarımızın azad edilməsi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətin elmi əsaslarla monitorinqi, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatları aktuallaşdırıb. Y.Ömərov konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, MDU-nun rektoru, dos. Şahin Bayramov, ADAU-nun ektor əvəzi dos. Zəfər Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-nin rəis müavini Mayis Vəliyev, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, kofransın işinə uğurlar arzulayıblar.
Plenar iclasın sonunda Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professor əvəzi Elşad Məmmədovun “İşğaldan azad olunmuş ərazilərdə ekoloji terror” adlı geniş məruzəsi dinlənilib.
Daha sonra konfrans öz işini panel iclasda davam etdirib. ATU, GDU, ADAU və MDU-nun müvafiq kafedra əməkdaşlarının və tədqiqatçılarının məruzələri dinlənilib, mövzularla bağlı məhsuldar fikir mübadiləsi aparılıb. Sabah isə bölmədə ATU, GDU və ADAU-nun magistr və bakalavr tələbələri məruzələrlə çıxış edəcəklər.
ZiM.Az