Ça. Noy 28th, 2023

Tanınmış şair və ictimai xadim Babulla Səlimov vəfat edib

Tanınmış ziyalı, ictimai xadim və şair Babulla Səlimov yanvarın 15-də ömrünün 78-ci ilində dünyasını dəyişib.

1945-ci ildə anadan olmuş B.Səlimov Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.
Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə və tətbiq edilməsinə xüsusi qayğı göstərib. Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində Səməd Vurğun parkı salınıb, şairin abidəsi ucaldılıb.
“Kitabi-Dədə Qorqud” dastanının  1300 illik yubileyi şərəfinə onun işlədiyi layihə əsasında Əli Bayramlı şəhərində “Dədə Qorqud  meydanı” salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, dastanın motivləri və coğrafiyasını özündə əks etdirən abidələr kompleksi tikilib.
Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı 42 səmərəli təklifin müəllifi olub.
Ötən əsrin 70-ci illərindən başlayaraq o, respublikanın dövri mətbuatında  Babulla imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış edib, hər yazısında xalqımızın  tarixi ilə bağlı taleyüklü problemlərə toxunub.
Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə 2013-cü ildə nəşr edilib.
B.Səlimov bir çox dövlət təltifləri ilə, medallarla mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına layiq görülüb.

Qeyd edək ki, Babulla Səlimov tanınmış şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun atasıdır.

Biz də Borcali.org-un və ZiM.Az-ın bütün yaradıcı heyəti adından, AYB-nin katibi, şair Səlim Babullaoğluna atası tanınmış şair və ictimai xadim Babulla Səlimovun vəfatından kədərləndiyimzii bildirir, dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Başınız sağ olsun!
ZiM.Az