Gürcüstanda uşaq suçiçəyindən ölüb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 56 saylı bağçada tərbiyə olunan uşaq suçiçəyi xəstəliyindən ölüb.
Uşaq sağlamlıq durumu ağırlaşdığına görə bu ayın əvvəlindən bağçaya gəlməyib. Bağçanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Dezinfeksiyadan sonra bağçada təlim-tərbiyə prosesi bərpa olunacaq. Gürcüstanın səhiyyə naziri David Sergeyenko bildirib ki, uşağın ölümünə suçiçəyi xəstəliyinin ağır forması səbəb olub.
Qeyd edək ki, bu günlərdə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkədə qızılca epidemiyası təhlükəsinin olduğunu bildirib. Mərkəzin məlumatına əsasən Gürcüstanda 268 qızılca xəstəsi qeydə alınıb. Yoluxmaların 70%-i Acarıstan Muxtar Respublikasının payına düşür. Paytaxt Tbilisidə də qızılcaya yoluxma hallarının sayı artmaqdadır.