Dəyərli izləyicilərimiz!..
1990-cı ildə Qanlı
“20 Yanvar” faciəsində
ŞƏHİDLİK zirvəsinə yüksəlmiş
Gürcüstan azərbaycanlılarını
böyük fəxr və qürur hissilə
Sizlərə təqdim edir,
onlara Allahdan RƏHMƏT,
xalqımıza SƏBR diləyirik!..
BAŞIN SAĞ OLSUN, VƏTƏN!…
İsmayıl Həsən oğlu Mursaqulov
(1939-1990)
İsmayıl Həsən oğlu Mursaqulov – 1939-cu il noyabrın 23-də qədim Borçalı mahalında –
indiki Gürcüstanın Marneuli rayonundakı
Qızılhacılı kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.
Üç oğlu qaldı. Rufat, Rəşad, Azər.
Qəzaya uğradıqları maşının sahibi, mərhum professor İbrahim İbrahimovun da oğlanlarının adı Rəşad və Azərdir.
Bu, bir təsadüfdürmü?
İsmayıl müəllim ailənin ikinci uşağıdır. Və birinci uşaqdan düz on üç il sonra dünyaya gəlib.
Öz ikinci uşağının da on üç il nazını çəkə bildi.
Yanvarın 24-də Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank yolun kənarında dayanmış «Jiquli» maşının üstündən gəlib keçdi.
Beş nəfərin ikisi yerindəcə həlak oldu.
1985-ci ilin 13 sentyabrında Moskvada doktorluq dissertasiyası müdafiə etmişdi. 1990-cı ildə onun partiya sıralarına daxil olduğu da on üç il idi.
Şöbəsində on üç işçisi vardı. O biri yoldaşlarından fərqli olaraq professorun qırxı da martın 13-nə düşdü.
Rəşid Behbudov küçəsindəki 13 №-li evdə yaşayan anası Parlaq xanım isə bundan xəbər tutmadı.
Professor İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Tenqiz Məmməd oğlu Turabov
(1966-1990)
Tenqiz Məmməd oğlu Turabov – 1966-cı ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuşdur.
Minlərlə oğullarımız kimi Tenkiz də bir tikə çörək dalınca İrkutska gedib çıxmışdı.
İnşaatda işləyirdi, tibb məktəbinin 1 kurs tələbəsi idi. həkim olmaq arzusunda idi.
Xalqına xidmət etmək, onun xəstələrini ayağa qaldırmaq arzusu ilə yaşayırdı.
Xalqın həkimləri isə onu ayağa qaldıra bilmədi, gücləri çatmadı buna.
Vətəndəki hadisələrin gedişini diqqətlə izləyən Tenkiz son zamanlar dözə bilmədi.
Məzuniyyət götürüb Bakıya gəldi.
O müdhiş gecə L.Şmidt adına zavodun qarşısında güllə yarası aldı.
Bu yara onu Vətəndə saxladı.
Özü də həmişəlik.
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ələsgər Yusif oğlu Qayıbov
(1966-1990)
Ələsgər Yusif oğlu Qayıbov – 1966-cı il martın 15-də
qədim Qaraçöp mahalında – indiki Gürcüstanın
Saqareco rayonundakı Yormuğanlı kəndində anadan olub.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.
24 yaşın içində idi, amma nə institutu qurtarıb təhsilini başa vuracaq, nə də yaşı üstə yaş gələcək.
Bir ildən sonra da 24 yaşında olacaq, bir əsrdən sonra da.
O gecə xeyli yaralıya kömək etmişdi.
«Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı.
Bu dəfə də qayıtdı xəstəxanaya, yaralı kimi…
Mürəkkəb cərrahiyyə əməliyyatı aparıldı.
Amma nə xeyri, yağı gülləsi dərin işləmişdi.
Yanvarın 21-də səhər saat 7-də keçinmişdir.
İlqar Hümmət oğlu Əhmədov
(1965-1990)
İlqar Hümmət oğlu Əhmədov – 1965-ci il mayın 25-də
qədim Borçalı mahalının, indiki Gürcüstanın
Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur.
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
(indiki Azərbaycan Texniki Universitetinin) 4-cü kurs tələbəsi idi.
Yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub.
Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı.
Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin.
Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə…
Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir.
Mərhum Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.
Rəşid İslam oğlu İsmayılov
(1949-1990)
Rəşid İslam oğlu İsmayılov – 1949-cu il avqustun 27-də
qədim Qarayazıda – indiki Gürcüstanın Qardabani rayonundakı
Ağtəhlə kəndində anadan olub.
Rostov Dəmiryol İnstitutunu bitirmişdir.
Azərbaycan dəmiryol idarəsində dispetçer vəzifəsində işləmişdir.
O müdhiş gecə işdən evə, balalarının yanına qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanmış,
Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır.
Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və yanvarın 23-də səhər saat 5-də keçinmişdir.
2 uşaq atası idi. Oğlu İlqarın 13, qızı İradənin 10 yaşı var.
Mərhum Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vəfadar Osman oğlu Eminov
(1966-1990)
Vəfadar Osman oğlu Eminov – 1966-cı il mayın 1-də
qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı
Kirəc-Muğanlı kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyurdu.
1 nömrəli tikiş fabrikində fəhlə işləyirdi.
Qismət olmadı ona hüquqşünas olub qanunçuluğun keşiyində durmaq.
Respublikanın suveren hüquqlarını pozan, SSRİ və Azərbaycan SSR Konstitusiyasını tapdalayıb keçən hərbçilərin gülləsinin qurbanı oldu.
Yanvarın 21-də sessiya imtahanını verib «5» almışdı. Amma sevinmirdi. Bu faciəli günlərdə sevinməkmi
olardı.
İmtahandan çıxandan sonra təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralılara vurulmaq üçün qan verib.
Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşürdü.
Qan vermişdi, yaralılara öz kiçicik köməyini eləmişdi, haradasa bir az ürəyi rahatlıq tapmışdı.
Sakit-sakit yol gedirdi.
Qoymadılar ürəyindəki rahatlığı uzun çəkə, qoymadılar sakit-sakit yolunu gedə.
Yağı gülləsi onun da ürəyinə dəyib dayandı.
Verdiyi qanın dalınca qayıtdı.
Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı,
pencəyinin düyməsi, «Qarabağ» siqareti, [maraqlıdır ki, o, siqaret çəkməyib] «Azadlıq» qəzetinin ikinci nömrəsi, bir də 30 qəpik pul.
Bunlardan ancaq «Azadlıq» qəzeti qana bulanıbmış.
Bu bir təsadüfdürmü?..
Son sözü bu olub Vəfadarın: «Yaşamaq istəyirəm, sağalacağammı?»
“Gündəlik-Gürcüstan”,
ZiM.Az