Şb. Noy 26th, 2022

Professor Tahir Pənahov – 80

TƏBRİK EDİRİK!..

REDAKSİYADAN:

Bu günlərdə tanınmış el ağsaqqalı, sözün əsl mənasında elm fə­dai­si, görkəmli alim, vətənpərvər ziyalı, yurdsevər və xeyirxah insan, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun anadan olması­nın 80 illik Yubileyi tamam olmuşdur.

Zim.Az bildirir ki, oktyabrın 10-da Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində
professor Tahir Pənahovun 80 illik Yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Biz də fürsətdən istifadə edərək “BORÇALI” İctimai Birliyinın İdarə Heyəti adından çox hörmətli Tahir müəllimi anadan olmasının 80 illik Yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırq!..

“BORÇALININ SƏSİ”.

tahir-penahov-1aa

P.S.: Aşağıda isə 5 il öncə “Şərqin səsi” qəzetində professor Tahir Pənahovun anadan olması­nın 75 illik Yubileyi münasibəti ilə dərc olunmuş bir məqaləni oxucularımızın nəzərinə çatdırırıq.

 

REDAKSİYAMIZIN ARXİVİNDƏN:

ELM FƏDAİSİ

Bu günlərdə tanınmış el ağsaqqalı, sözün əsl mənasında elm fə­dai­si, görkəmli alim, vətənpərvər ziyalı, yurdsevər və xeyirxah insan, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun anadan olması­nın 75 illik Yubileyi tamam olmuşdur.

Tahir Musa oğlu Pənahov -10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Dağ Borçalısının Soyuqbulaq kəndində anadan olmuşdur. 1955-ci ildə Gürcüstanın Bolnisi rayonundakı adlı-sanlı Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti – ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, hələ tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziy­yat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyat və fizika tədrisində tarixi elementlərin öyrədilməsi məsələlərini əks edən məruzələri ilə diqqəti cəlb etmişdi.

Tahir Pənahov 1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də baş müəllim vəzifəsinə keçmişdir. 1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O, 1966-cı ildə “NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Tahir müəllimin namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki kon­franslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s. mövzularda məruzə və çıxışları ilə həmkarlarının diqqətini cəlb etmişdir. O, araşdırmaları mövzusunda Yaşovets (Polşa) və Budapeşt (Macarıstan) şəhərlərində çalışan həmkarları ilə fikir mübadiləsi aparmışdır.
1975-ci il sentyabr ayının 15-dən Azərbaycan Politexnik İnstitutundan indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ayrıldı. Həmin vaxtdan o, AzMİU-da işləyir.
1988-ci ildə “Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və sonra professor vəzifəsinə seçilmişdir.
Tahir Musa oğlu metal və ərintilər sahəsində yeni istiqamət yaratmış alimdir. O,1991-ci ildə dövlət büdcəsindən maliyyələşən “Metal və ərintilər fizikası” ETL-nin AzMİU-da açılmasının təşəbbüskarı olmuşdur. Elmi baza üçün EPR, Universal Optik və maqnito-optik qurğusunu hazırlamış, maqnit və elektrik xassələri ölçmək üçün qurğunu işə salmışdır.
Elmi baza yaratdıqdan sonra kadrlar hazırlayıb, ölkənin inkişafı üçün çox vacib olan 1991-ci ildə “Metallar fizikası” istiqamətində mütəxəssis hazırlamaq üçün ixtisas açmış, sonra Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparmışdır.

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 2002-ci ildən tədris və elmi işlər bölməsində əvəzçi işləyərək, Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsində məsləhətlər vermiş, elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərmişdir. İxtisasartırma kursunun açılmasına və tədris plan və proqramların hazırlanmasına kömək etmiş və kursantların fəal işləmələri üçün məsləhətlər vermişdir.
Bakıda Zabrat Oksigen Zavodunda açıq səhmdar cəmiyyəti yaradıldıqda T.Pənahov orada böyük laboratoriya işə salmış, laboratoriyanı müasir avadanlıqlarla təchiz etmiş, cihazların işləmə qaydalarını hazırlamış və kadrla təmin etmişdir. Tahir müəllimin rəhbərliyi ilə araya-ərsəyə gətirilmiş qurğular öz analoqlarından sadəliyi, etibarlılığı ilə seçilir. Bu laboratoriyada hazırlanmış universal voltmetr də öz əhəmiyyəti və dəyəri ilə diqqəti cəlb edir. Bu cihaz vasitəsilə sabit gərginliyi, cərəyan şiddətini, aktiv müqaviməti ölçmək mümkündür.
Havadan azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alınmışdır.

Moskva Dövlət Universitetində, Budapeşt Texniki Universitetində, Aşqabad Dövlət Universitetində dəfələrlə təcrübə mübadiləsində olmuş və mühazirələr oxumuşdur. Dünyanın bir çox elm və təhsil mərkəzləri ilə əlaqəli elmi iş aparmışdır.
Moskva Dövlət Universiteti, Yekaterinburq Metallar Fizikası İnstitutu, Ekaterinburq Dövlət Universiteti (ETU), EA Metallar Fizikası İnstitutu, Ukrayna Dövlət Universiteti, Budapeşt Texniki Universiteti, Türkiyədə bir çox universitetlər, İran İslam Respublikasının (Təbriz və Tehran) bir çox universitetlərində təcrübə mübadiləsində olmuşdur.

Keçmiş İttifaqın bərk cisimlər, maqnit hadisələri fizikası üzrə mütəxəssislərindən akad. S.V.Von­sovski, akad. V.Q.Baryaxtar, SSRİ Dövlət mükafatı laureatı E.İ.Kondorski, A.V.Deryaqin, Q.S.Krin­çik, N.V.Volqenşteyn, R.P.Ozerov, B.Q.Livşits, V.E.Zinovyev, Azərbaycan SSR EA-nın müxbir üzvü Y.M.Seyidov, akademik E.M.Şaxtaxtinski və başqaları onun doktorluq dissertasiyasına yüksək qiymət vermişlər.
Prof. T.Pənahov 60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış etmiş, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 mono­qrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifi kimi “Metallar fizikası”, “Maqnit hadisələri fizi­kası” sahəsində ilk dəfə atom və maqnit nizamlı struktura malik dəmir-nikel tərkibli ərintilərə 3d, 4d, 5d və 4f elektron quruluşuna malik keçid və nadir torpaq elementləri ilə leqirləməklə geniş kon­sentrasiya sahəsində maqnit yumşaq ərintilər sintez etmiş və onların strukturunu, maqnit, elek­trik, istilik və digər fiziki xassələrini termik emaldan asılı olaraq tədqiq etmiş və nəticədə yüksək texniki parametrlərə malik olan, istehsalatda geniş tətbiqini tapmış permalloy strukturlu ərintilər almış, tədqiqat praktik cəhətdən əsaslandırılmışdı. Belə ki, alınan elmi nəticələr ölkənin bir çox iri müəssisələrində – Moskva Elektromaqnetizm Zavodunda, Moskva Elektromexanika və Avtomatika İnstitutunda, SSRİ EA-nın Yüksək Temperaturlar İnstitutunun xüsusi konstruktor bürosunda, Bakı­nın Azərelektromaş Birliyində, Bakı Radio Zavodunda və bir çox başqa müəssisələrdə geniş tətbiq edilmiş və istehsalata milyonlarla effekt vermişdir. Bu işlərin nəticəsi kimi çoxlu müəlliflik şəha­dətnaməsi almışdır. Amorf maqnit yumşaq ərintiləri tədqiq etmək üçün Budapeşt Texniki Uni­versitetində ezamiyyədə olmuşdur.
Amorf maqnit yumşaq ərintilərin (Fe-Ni-Si-B) tədqiqi nəticəsində yüksək maqnit nüfuzluğu, maqnit induksiyası və xüsusi elektrik müqaviməti böyük olan materiallar alınmış, onların fiziki xassələri öyrənilmiş, müşahidə olunan anomaliyaların, faza keçidlərinin, polimorf çevrilmələrin elmi-nəzəri əsasları işləmiş və istehsalata tətbiqini təmin etmişdir.
İstehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə etmişdir. Həmçinin arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edilmiş, yeni ixtira kimi patent almışdır.

1960-cı ildən indiyədək 15-dən çox aspirantı, dissertantı namizədlik, 20-dən çox yetirməsi magistr dissertasiyası müdafiə etmişdir.

Alim üçün əsərlər, ictimai fəaliyyət, tələbə hörməti başlıca amillərdir. Tahir müəllim o qədər də rahat olmayan, ağrılı-acılı, çətin günləri olan 75 illik ömrünün təxminən 50 ilini müəllim kimi audi­toriyalarda, alim kimi laboratoriya və istehsalat müəssisələrində, bir dost-qardaş kimi onu sevənlərin yaddaşında yaşayır.
Tahir Pənahov inadlı və gərgin zəhməti, səmimiyyət və qayğı­keşliyi, xeyirxahlığı və işgüzarlığı ilə bunları qazanıb… Bu uğurlarda onun ailəsinin də rolu vardır. Ömür-gün yoldaşı N.Pənahova müəllimdir. Oğlu N.Pənahov elmlər namizədidir, qızı M.Pənahova ailəlidir.

Və ən nəhayət, Tahir müəllimi anadan olmasının 75 illik yubileyi münasibətilə ürəkdən və

səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və

elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Abdulla MEHRABOV,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, professor;

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin direktoru.

“ŞƏRQİN SƏSİ” qəzeti, Avqust, 2011.

.