Martın 20-də Gürcüstanın Qardabani şəhərində Novruz bayramı ilə bağlı təntənəli konsert keçirilib. Konsert iki hissədən ibarət olub. Şəhərin mərkəzində qurulan Novruz atributlarından ibarət güşələr, süfrələr şəhərin qonaqlarının və sakinlərinin böyük marağına səbəb olub. Qardabani istedadlılarından ibarət qrupların şən rəqsləri, mahnıları, şerləri iştirakçılarda maraqla qarşılanıb, nərd oyunları üzrə olimpiada keçirilib və qaliblər mükafatlandırılıb. Günün ikinci yarısında Novruz təntənəsi bədii konsertlərlə davam etdirilib. Tədbirdə Qardabanidən seçilən Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev çıxış edərək həmyerlilərini bu bayram münasibətilə təbrik edib və arzularını çatdırıb. İcra başçısı Qoca Camarauli çıxışında iki xalq arasındakı dostluqdan danışaraq bu bayramın bölgədə, o cümlədən Qardabanidə hər il yüksək səviyyədə təşkil olunduğunu deyib. Qardabani icra başçısının müavini Zviad Makabeli və Dünyamalı Hacıyev, Qardabani sakrebulosunun müavini Rəfi Orucov, çıxışlarında əhalini bayram münasibətilə təbrik edərək arzu və istəklərini çatdırıblar. Konsertdə Aşıq Ramin, gənc müğənni Rəşad İlqaroğlu , rəqs qrupları, müsiqi qrupları çıxış ediblər. Tədbir Talıb Taleyin solo konsertilə sona çatıb.