Borcali.org cmedia.ge saytına istinadən xəbər verir ki, martın 5-i və 12-si ölkəmizdə, paytaxt Tbilisidə Atoneli teatrında “Zarafat Kolleksiyası 4” adlı stand up komediya tamaşaları nümayiş etdirəcək gənc aktyor, Gürcüstanda ilk stand up-çı Anar Rafiqoğlu ilə tamaşadan əvvəl etdiyimiz reportajı sizlərə təqdim edirik.
Tamaşa nəyə görə martın 5-i və 12-si olacaq? Niyə məhz bu tarixlər?
Sözün açığı, bunun elə də özəl bir səbəbi yoxdur. Bütün hazırlığımızı, hesab-kitabımızı fevral ayında bitirdik. Mart ayı üçün də tamaşamızın vaxtını təyin etdik. Sırf tarix olaraq 5-i və 12-sini soruşursunuzsa, martın 5-i və 12-si bazar gününə təsadüf edir. Tamaşaçılarımızın əksəriyyəti də tamaşanın bazar günü olmasını arzu edirdi. Biz də bunu nəzərə aldıq. Həm də ki, mart ayı bahar fəslinin ilk ayıdır. Bu səbəbdən düşünürəm ki, tamaşamıza gələn insanlar daha xoş əhval-ruhiyyədə olacaqlar. Əlbəttə, dəli martın dəliliyi tutmasa.
Deyilənə görə, Anar Rafiqoğlu səhnədə nə qədər komikdirsə, həyatda bir o qədər ciddidir. Bu doğurdan da belədirmi?
Müəyyən dərəcədə deyərdim ki, bəli. Ümumiyyətlə, bir insan komediya ilə məşğuldursa, bu o demək deyil ki, o insan bütün günü işini-gücünü atıb insanları güldürməlidir. Mənim işim səhnədədir. Bir futbolçunun stadiondan kənar bir yerdə futbol oynamasını gözləmək necə yersizdirsə, aktyorun da səhnədən kənar aktyorluq etməsini gözləmək beləcə yersizdir. Ancaq yenə də bəzi şanslı dostlarım var ki, bir arada olduqda onları biletsiz də güldürürəm.
Sizcə güldürərkən düşündürmək mümkündürmü?
Mümkündür. Lakin bu o qədər də asan deyil. Və dünyada bunu gerçəkdən bacaran stand up-çıların sayı çox azdır. Məsələn, nümunə olaraq amerikalı məhşur stand up-çı Corc Karlini göstərə bilərəm. Bu adamın, demək olar ki, hər bir sözü gündəm yaradacaq qədər təsirli olurdu. Ancaq mən yenə də düşünürəm ki, yumoristin vəzifəsi filosofluq etmək deyil. Mənim səhnəyə çıxarkən əsas məqsədim insanları güldürməkdir. Nəyə gülürlər, gülərkən düşünürlərmi deyə fikirləşmirəm. Sadəcə çalışıram ki, bacardığım qədər içi boş olmayan və gerçək əsaslara söykənən zarafatlar edim.
Zarafat Kolleksiyası ideyası necə yarandı?
Zarafat Kolleksiyası ad olaraq mənim fikrim idi. Amma ümumi layihə kimi götürsək, bu “AR Stand Up Komediya” klubunun gerçəkləşdirdiyi bir layihədir. Biz “AR Stand Up” olaraq 2015-ci ildən fəaliyyət göstəririk. Layihənin mənimlə birgə qurucuları Afayət Afiq, Amil Bayramov, Rabil İsmayılov və Xalidə Qədimovadır. Yəni, bu hamımızın ortaq bir ideyası idi. Hal-hazırda isə artıq mən deyərdim ki, komandamız günü-gündən daha da genişlənir. Zarafat Kolleksiyasının inkişafı üçün bir çox dostlarımız, sağ olsunlar, bizə təmənnasız dəstək olurlar. Bunlardan Sevda Əliyeva, Leyli Hüseynova, Kamuran Kiryakov, Əli Məmmədov, Ramin Aslan və Türkiyəli dizaynerimiz Ahmet Kolkoparan bəyi xüsusi olaraq qeyd etmək istəyirəm.
Nə zamansa Rafiq Hümmətlə bağlı zarafat düşünürsünüzmü və onu etməyə çəkinirsinizmi?
İndiyə kimi atamla bağlı səhnədə dəfələrcə zarafatlar etmişəm. Bunu tamaşalarımızı izləyənlər də təsdiq edə bilər. Ümumiyyətlə, Rafiq Hümmət və mən, biz daha çox bir dost kimiyik. Buna görə də mən heç vaxt dostum Rafiq Hümmətlə bağlı zarafatlar etməkdən çəkinmirəm. Yenə edəcəm…
Sizcə ideal tamaşaçı varmı?
Həyatda əslində ideal heç nə yoxdu. Mən belə düşünürəm. Ancaq tamaşaçıdan tamaşaçıya böyük fərq var. Bəzən olur, elə kütlə qarşısında çıxış edirsən ki, tamaşanın bitməsini heç istəmirsən. Bəzən də tam tərsi, tezcə bitsin bu əzab, canımı qurtarım deyirsən. Yəni tamaşaçının aktyor üzərində çox böyük müsbət, ya da mənfi rolu olduğu danılmazdır. İdeal tamaşaçı mövzusuna gəlincə isə, bəli, ideala yaxın tamaşaçılar var, amma hələ ki, sayları azdır. Çünki bizim tamaşalarımızın sayı da azdır. Nə qədər çox tamaşa olsa, ideal tamaşaçı da o qədər çox olacaq.
Sizin tamaşaçılarınız daha çox hansı təbəqəyə mənsubdurlar, Anar Rafiqoğlu onların hamısının zövqünü oxşaya bilirmi?
Demək olar ki, hər təbəqədən olan tamaşaçı kütləmiz var. Lakin mən insanları təbəqələrə ayırmağa qarşıyam. İnsan insandır. Ola bilər, çox böyük vəzifələrə sahibdir, amma beş qəpiklik adamlığı yoxdur. Ona görə də, mənim üçün tamaşaçıların hansı təbəqədən olması önəmli deyil. Dəyər verib bilet alan hər kəs mənim üçün eynidir. Zövq məsələsinə gəlincə isə, zövqlər fərqlidir. Əlbəttə ki, hamını güldürə bilmərəm.
Son olaraq konsertdə tamaçaçıları nə gözləyir?
Gözəl, stressdən uzaq və təbəssüm dolu bir gün keçirəcəklərinə ümid edirəm. Bir də qeyd edim ki, xanım tamaşaçılarımızı baş sponsorumuz Golden Rose kosmetika şirkətindən hədiyyələr gözləyir.