Marneulidə yeni istirahət parkı salınacaq

Marneuli munisipalitetində, el arasında “pamyatnik”, “Ana-bala heykəl” kimi tanınan “Yenədə böyüyəcəklər” abidəsi ərazisində müassir dizaynlı park salınacaq.

Məsələ ilə bağlı Marneuli meri Temur Abazov, Gürcüstanın Milli Mədəni İrsin Mühafizəsi Agentliyinin nümayəndələri ilə görüşüb. İşgüzar görüşdə Sakrebulonun sədri Amiran Qiorqadze, müavini Mamuka Naveriani, merin müavinləri Zaur Tabatadze, Laşa Lobcanidze, Meriyanın müvafiq xidmətlərinin nümayəndələri iştirak edirdilər.

Görüşdən sonra Temur Abazov, Milli Mədəni İrsin Mühafizəsi Agentliyinin nümayəndələri ilə birlikdə “Yenədə böyüyəcəklər” abidəsinə baş çəkərək, yerindəcə parkın konsepsiyasını və texniki məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Meriyada keçirilən işgüzar görüşdə parkın salınması ilə bağlı müsabiqə şərtlərini müəyyənləşdirmək üçün detallar müzakirəyə qoyulub. Milli Mədəni İrsin Mühafizəsi Agentliyinin məsləhətlərindən sonra müsabiqə elan olunacaq, müsabiqə vasitəsi ilə layihə xərcləri sənədi və parkın dizaynı hazırlanacaq.
Layihə üçün yerli büdcədə 500 000 lari nəzərdə tutulub.