İKİDİLLİ BİR XALQ YARATMAQ OLARMI?

İKİDİLLİ BİR XALQ YARATMAQ OLARMI?

Çalışacam ünvanladığınız üç sualı bir sistem ətrafında izah edim. İkidilli xalq yaratmaq tolerant bir yanaşma deyil. Sual yarana bilər ki, ikidilli xalq yaratsaq, onda başqa dilli xalqların taleyi nə olacaq? Daha yaxşı olardı ki, “çoxdilli xalq” yarada bilək. Gürcüstanda birdən çox dilin rəsmi dil olmasını istəyiriksə, bunun üçün ən uyğun model İsveçrə olduğunu düşünürəm. Niyə İsveçrə modeli? Milanda olanda İtaliyanın İsveçrə sərhədinə yaxın olan Como adında bir qəsəbəyə gedirdim, ancaq elə oldu ki, yuxuladım, oyandım ki, İsveçrə sərhədində italyan dili danışan Chiasso qəsəbəsinə keçmişəm. Bu məntəqədə bütün yazılar italyanca idi. Bildiyimiz kimi İsveçrənin 4 rəsmi dili var. 63,7 % alman dili, 20,4 fransız dili, 6,5 % italyan dili və sadəcə 0,5 % roman dillərində danışır. Bunlar ölkənin rəsmi dilləridir, çünki bu dillər yerli əhali tərəfindən istifadə edilir. Təsəvvür edin 8 milyonluq ölkədə yalnız 450,000 nəfər italiyanca danışır sadəcə 36,000 roman dilini danışır, və bu dillər “rəsmi dil” statusunu daşıyır. Bu arada romanlar İsveçrədə yaşayan çingənələrdi, yəni Gürcüstanın kiçik rayonu qədər əhalisi olan romanların rəsmi dilləri var. Sahəsi 44 hektar, əhalisi isə 1000 nəfərə yaxın olan və dünyanın ən kiçik ölkəsi olan Vatikanın belə latınca və italyanca olmaq üzrə iki rəsmi dili var.

İsveçrənin italyanca danışılan hissəsində gəzərkən xüsusi ilə insanlara sualları almanca ünvanlayırdım, ancaq təəccübləndirici bir mənzərə ilə qarşılaşmışdım. Demək olar ki, burda almanca bilənlərin sayı həddindən artıq az idi. Yəni ölkənin birinci və ən böyük rəsmi dili olan alman dilini və ya ikinci rəsmi dili olan fransız dilini, italyan və ya roman dilini danışanların bilib-bilməməsi vacib hesab olunmur. Hər regionda rəsmi sənədləşmə o bölgədə çoxluq təşkil edən xalqın, başqa dillə desək, daha çox danışılan dildə baş verir. Bizdə isə dövlət dilini bilənə “hərşeyşünas”, bilməyənə isə qatı savadsız olaraq baxılmağa çalışılır.

3 rəsmi dili olan Belçikada səfərdə olanda çox təəccübedici bir mənzərə ilə qarşılaşmışdım. Qatar hansı dilin çox danışılıdğı bölgədən keçirsə, anonslar, yazılar o dilə avtomatik çevrilirdi. Bizə rəhbərlik edən bir xanımın qeyd etiyi kimi: “Mən fransız dilliyəm. Almancanın rəsmi dil olduğu yerdə mənim ay almanca bilmək şərtdir, başa düşürəm, amma danışa bilmirəm kimi kaprizlər bizlərə lazım gəlmir. Bizdən ötrü vacib hesab olunan öz ana dilimizi başa düşüb düşməməyinizdir.

Adicə İsveçrədə bir şəhərə və ya kəndə gedəndə o kənddə və şəhərdə hansı dil danışılırsa, o şəhərin və ya kəndin adı da o dildə yazılır. Bu vəziyyət ölkəni bölməkdən qoruyur və bölmə kimi təhlükələrə qarşı bir təhlükəsizlikdir. Bunu necə iddia edirəm? İsveçrə qanunlarına baxsaq, dünyanın ən liberal silah qanunlarına sahib olan bir ölkədir. 8 milyona yaxın əhalisi olan ölkədə 2.3 milyondan 4.5 milyona qədər insanın silahı var. Ölkənin bu cür çox silahlara malik olması risk kimi görünə bilər, ancaq demək olar ki, dünyanın ən aşağı sayda cinayətlərin yaşandığı olan ölkədir. Bir çox həbsxana otelə çevrilir. Demək olar ki, İsveçrə dünyada birbaşa demokratiyayla ən yaxın idarə edildiyi ölkələrdən biridir. Başqa sözlə, hər hansı bir vətəndaş hər hansı bir qanunu məhkəməyə verə bilər və konstitusiyada dəyişiklik təklif edə bilər.

İndi düşünə bilərik ki, bu çox dilli siyasət sadəcə Avropadamı mövcuddur? Əlbəttə ki, yox! Baxın dünyanın bütün ölkələri arasında, dünyanın bütün ölkələrində, dünyanın bütün ölkələrinə və insanlığa nümunə veriləcək, hətta “mükəmməl” deyə biləcəyim bütün insanlığın bərabərliyi və qardaşlığını dünyaya tədris edən bir ölkə var. Bu bir zamanlar Nelson Mandelanın başçılıq etdiyi Cənubi Afrika Respublikası və Huqo Çavezın başçılıq etmiş olduğu Venezuelladır. Cənubi Afrika Respublikasının 11 rəsmi dili var. Bu 11 dil arasında holland ağlarının danışdığı afrikaans və ingilislərin danışdığı ingilscə də var ki, bu dillər irqçi apartheid rejimi ilə əsrlər boyu bu torpaqları idarə edən ağdərili azlıqların dilidir. Digər doqquz dil ölkədə qaradərililərin siyasi çoxluğu ilə danışılan rəsmi dillərdir. 20 il əvvəl irqçi-faşist apartheid rejimi ilə milyonlar üzərindən hakimiyyət quran ağdərili azlıqların idarə etdiyi, qaradərililərin insan yerinə qoyulmadığı, təhsil alma haqqı əlindən alındığı 11 rəsmi dilin danışıldığı Cənubi Afrika Resbublikası bu gün dünyanın ən liberal ölkələri siyahısındadır.

Maraqlı bir nümunə isə Venezuelladır. Venezuella qanunlarında təəccübləndrici dərəcədə “çoxsaylı, limitsiz, rəsmi dillərə” sahibdir. Venezuellanın ilk rəsmi dili ispan dilidir. İspan dilindən başqa Venezuellanın cənubundan şimalına qədər yaşayan bütün qızıldərililərin dili Venezuella dövlətinin rəsmi dilləri arasındadır.

Gördüyümüz kimi bu gün dünyanın hər qitəsində hər tərəfinə yayılmış şəkildə “çoxdilli xalqlar” nümunəsində ən gəlişmiş, ən sosial və ən liberal ölkələr dayanmaqdadır. Sərhəd məsələsini həll edə bilməmiş, təhsil vəziyyəti aşağı olan, insanların ana dillərini doğru düzgün öyrənə bilmədiyi, elm adamlarının, müəllimlərin, həkimin yetərincə dəyər görmədiyi, insanları statuslarına və maddi durumuna görə dəyər gördüyü bir cəmiyyətdə nəinki “ikidilli xalq yaratmaq” heç tək dilli bir xalqın belə olub-olmadığı şübhə altındadır. Ədalətsizliyə göz yuman, səs çıxara bilməyən, güclünün qarşısında susub baş əyən bir dilsizlər xalqı yaradılacaq.

Müəllif: Emin Yadigarov

Mənbə: borchalitv.wordpress.com

Şərh üçün bağlıdır.

log

_________________ Wapp +994556268823 Alo +994502783149 E-mail gunaynovruz@gmail.com Tərtibatçı Günay Novruz Copyright©2017 ______________________________