İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühüm vasitə kimi

Bu gün ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi birmənalı olaraq diqqət mərkəzində saxlanılmaqdadır.
Qəbul olunan qərarlarda, bir çox rəsmi sənədlərdə bu vacib sahənin diqqətdə saxlanılması, insan kapitalının yetişdirilməsində bu müəssisələrin üzərinə düşünə vəzifələr xüsusi olaraq vurğulanır. Hamımıza yaxşı məlumdur ki, tədrisin keyfiyyətinin yüksəldilməsi işində əsas yük təkcə maddi-texniki bazanın yenilənməsi üzərinə düşmür.
Müəllimlərin, onların istifadə etdikləri təlim texnologiyalarının yararlılığı, zamanın tələblərini ödəməsi də bu gün ən vacib vəzifələrdən biridir. Hazırda müəllimlərin istifadəsində olan bu texnologiyalar bugünkü tələbatı necə ödəyir, onu yaxşılaşdırmaq üçün nələri bilmək və ya etmək lazımdır? Belə suallara cavab vermək müəyyən vaxt və xüsusi araşdırmalar aparmaq üçün vəsaitlər tələb edən ciddi bir işdir. Həmin suallara cavab vermək baxımından mütəxəssis sözünə ehtiyac olduğunu nəzərə alaraq ZiM.Az-ın əməkdaşı ADPU-nun dosenti, müasir təlim texnologiyaları və təhsil üzrə ekspert Fəxrəddin Yusifovla görüşmüş, onunla söhbət aparmışdır. Aşağıdakı məqalə bu söhbətin nəticəsi olaraq qələmə alınmışdır.
Zənnimizcə, oxucularımız üçün də bu yazı maraqlı ola bilər. Buyurub tanış ola bilərsiniz.

İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühüm vasitə kimi

 

İnteraktiv mühazirə
peşə hazırlığının səmərəliliyinin artırılmasında
mühüm vasitə kimi

dos. Fəxrəddin Yusifov,
ADPU-nun ədəbiyyat və onun tədrisi metodikası kafedrası,
yusifovf56@bk.ru

Müəllim hazırlığında önəmli yeri olan fənlərdən biri də fənlərin tədrisi metodikasıdır. Uzun illərdir ki, gənc müəllimlərin sənət sirlərinə yiyələnməsi işində bu qisim fənlər öz layiqli töhfələrini verməkdədir. Qabaqcıl iş təcrübəsinin öyrənilib yayılmasında, elmi-metodik yeniliklərin gənc müəllimlərə çatdırılmasında, dövlətin müəllim hazırlığı siyasətinin məzmununun mənimsənilməsində, gənclərin peşə fəaliyyətlərini reallaşdırmağa xidmət edəcək bilik və bacarıqlara yiyələnməsində bu fənn zamanından, dövrünün tələblərindən asılı olaraq üzərinə düşənləri layiqincə yerinə yetirməkdədir. Gələcək müəllimlərin uğur qazanmaları bu fənnin tədrisi səviyyəsindən, onun məzmunundan, gənc müəllimlərin ehtiyaclarını hansı səviyyədə ödəməsindən, aşılayacağı bilik və bacarıqlardan daim asılı olmuşdur.

Dünən əsas vəzifə “müəllim sən bunu belə etməlisən, bu cür başlamalısan, bu cür davam etdirməli, qiymətləndirməli və yekunlaşdırmalısan”, “bilik ötürən kimi tədris prosesini bu cür təşkil etməlisən” və s. şablon çərçivələrdən ibarət idisə, bu gün müəllimin işinin məzmununda da, təlim-tədris prosesinə yanaşma tərzində də, şagirdə bəslədiyi münasibətində də dövrün tələblərindən irəli gələn vəzifələr önə çəkilməli olacaqdır. Bunun bir neçə səbəbini xatırlatmaq istərdik.

Birincisi, bu günün şagirdinin inkişaf səviyyəsi, 20 il, 10 il bundan əvvəlki şagirdin inkişaf səviyyəsi ilə qətiyyən eyni deyildir. Orta yaşlı nəslin çətinliklə idarə etdiyi texnologiyalarla kiçik yaşlı uşaqlar asanlıqla davrana bilirlər. Bu avadanlıqlar, internet resurslar mobil vasitələr fonunda uşaqların ətraf aləmi tanımalarına, xeyli informasiyalar əldə etmələrinə şərait yaradır. Onlar həm informasiyalar əldə edir, həm də mobil texnologiyalarından istifadə bacarığına yiyələnirlər. 3 yaşından belə bir bacarığa malik olan uşaqlar məktəblərə(eləcə də ali məktəblərə) 20 il öncəki həmyaşıdları kimi gəlmirlər. Ötən hər bir il onların bu bacarıqlarının möhkəmlənməsinə, informasiya mühitində sərbəst dolanmasına, xeyli əlavə biliklər əldə etməsinə(gərəkli olanları da, olmayanları da bir an belə unutmayaq), zənginləşməsinə şərait yaradır. Belə olan halda həmin uşaqlara ənənəvi üsullarla silahlanmış müəlliminin təsir imkanlarının hansı səviyyədə ola biləcəyini göz önünə gətirək.

İkincisi, metodik biliklər elmi-texniki tərəqqinin, informasiya əsrinin, internet və kompüter dünyasının tələblərindən geri qala bilməz. Şagird (əgər bir anlığa müəllimin bu avadanlıqlarla davranış mədəniyyətinin olmadığını düşünsək) dərs zamanı Nəsimi haqqında məlumat dinləyəndə, tənbəllik etmədən mobil cihazı ilə Nəsimi kəlməsi yazmaqla, onun barəsində istənilən görüntüyə baxa biləcək: video materialları, klipləri, verilişlərdən fraqmentləri, şairin gəzdiyi əraziləri və b. məlumatları izləməklə, daha əyani məlumatlara sahib ola biləcək.

Üçüncüsü, şagird şahmat fiquru deyildir ki, onu istədiyiniz kimi düzəsiniz. O, öz duyğu və düşüncələr aləmi olan, fərdi keyfiyyətləri ilə seçilən, düşünən və dərk edən, öz mövqeyini sərgiləməyi və müdafiə etməyi bacaran bir insandır, şəxsiyyətdir. Aldığı informasiyalar, onun mənlik şüurunun inkişafına çox böyük təsir göstərir. Onlar daha Sizin dediklərinizin kor-koranə icraçılarına çevrilmək istəmirlər. Bəyənmədikləri məsələləri onlara zorla “yedizdirə” bilməzsiniz. Hər bir məsələdə onların maraqlarının, tələbat və ehtiyaclarının ödənilməsi, mövqelərini sərgiləməsi, sərbəst düşünmə imkanlarının təmin olunması vacibdir. Belə bir gücü görməmək, onunla hesablaşmamaq mümkün deyildir.

Dördüncüsü, bu cür hazırlıq səviyyəsi ilə seçilən, peşə seçimi işinə şüurlu yanaşan bir məktəbli sabah abituriyent kimi müəllimlik sənətinin qapısını döyür və müsabiqədən keçərək bu sahənin tələbəsi olur. Həmin tələbənin inkişaf səviyyəsini, meyil və maraqların hesaba almadan sənət sirlərini onlara aşılamaq olduqca çətin görünərdi. Üstəlik də ənənəvi üsullarla gələcəyin müəllimini yetişdirmək, bu boyda nəhəng inkişaf fonunda, əsla mümkün ola bilməz. Yaxşı ədəbiyyat müəllimi necə ola bilər sualının cavabını onlarca variantda tələbəyə əzbərlətməklə gələcəyin “böyük müəllimini” yetişdirə bilmərik. Deməli, öyrətmə sistemində ciddi dəyişikliklərin aparılmasına ehtiyac vardır.

Beşincisi, təlim prosesində vaxtı çatmış, amma hələ də icrası çox ağrılı keçən və deyərdik ki, bir çox müəllimlərin qətiyyən ürəyincə olmayan təlimdə “subyekt-subyekt” yanaşmasının təmin edilməməsidir. Avtoritarlığa vərdiş etmiş, bu iş üsulu ilə illərdir çalışmış bir müəllim zamanın tələb etdiyi bu yeni yanaşma tərzinə qətiyyən uyğunlaşa bilmir və ya bu uyğunlaşmanı qəbul edə bilmədiyindən ənənəyə üstünlük verir. İnsan kapitalının inkişafı qayğısına qalmaq umurunda belə olmur. Onu əsas gətirməyə çalışır ki, sovetlər dönəmindən bəriyə o cür münasibətlər (subyekt-subyekt) olmamışdı, onda təhsilin keyfiyyəti yox idi? Özü də təlim prosesinə belə yeni yanaşma tərzi onların bir qismi üçün müəllimin nüfuzunun əriməsi, deformasiyaya uğraması və yox olması kimi qəbul olunur. Halbuki dövlətimizin prioritet hesab etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” işində təhsilə və təhsilli şəxsə verilən tələbələrin dəyişdiyi indiki şəraitdə bu cür vəziyyətlə barışmaq mümkün deyildir.

Altıncısı, mühazirələr zamanı tələbələrin ilkin səviyyələrinin müəyyənləşdirilməsinə lazımi diqqətin yetirilməməsi (diaqnostik qiymətləndirmənin aparılması) tədris prosesində məşğələlərin keyfiyyətinin aşağı düşməsinə səbəb olan ciddi amillərdən biridir. Hər bir mühazirənin başlanğıcında belə bir qiymətləndirmənin aparılmasına zəruri ehtiyac vardır. Əks-əlaqə təmin olunmayanda belə məşğələlər tələbələr üçün sürətlə geriləməyə səbəb our.

Müəllim hazırlığı işində (öyrətmə sistemində) iki yol müşahidə olunmaqdadır: ənənəvi və yeni – modern yol. Adətən, ənənəvi yolun tərəfdarları çox olur. Bu ən ağrısız və bir qədər də az əziyyət tələb edən yoldur. Belə ki, təcrübə var, müəllim həmin təcrübəyə əsaslanaraq mühazirəsinə başlayır, 90 dəqiqə müddətində metodikanın hər bir problemini (tədrisi nəzərdə tutulan mövzuları) bir-bir tələbələrinə izah edir, bilikləri hazır formada onlara təqdim edir, bilik mənbələri hazır vəziyyətdə əlinin altında olur. İkinci yol isə əziyyətli, hazırlıq tələb edən yoldur: internetin, kompyuterin, proyektorun, filipçartların, markörlərin, PowerPoint proqramının imkanlarının səfərbər olunmasını tələb edir. Bu yol bilikləri tələbələrə hazır şəkildə təqdim etmir. Problem(lər)i qoyulur, onları yaradan səbəblər və o problemlərin aradan qaldırılması yolları müzakirələrə, tədqiqata yönləndirilir. Auditoriya problemin səmərəli həlli yollarını əməkdaşlıq şəraitində axtarıb, müzakirə edib ümumi nəticəni ortaya qoyur. Burada müxtəlif bilik mənbələri sərgilənir, informasiya dağınıq şəkildə təqdim olunur, onların sintezi, ümumiləşdirilməsi auditoriyanın ixtiyarına buraxılır. Hədəflər əvvəlcədən müəyyənləşdirildiyindən yekunda əldə olunan bilik və bacarıqların məzmunu ilə onun tutuşdurmaq, müqayisə etmək də asan olur. Bu prosesdə müəllim bilik ötürən mövqeyindən imtina edir, bələdçiyə(fasilitatora) çevrilir.

Qeyd edək ki, ənənəvi yolun tərəfdarlı kifayət qədər olsa da, modern yol da artıq iş təcrübəsində özünü güclü şəkildə təsdiqləməkdədir. Bu günün tələbəsi daha ənənəvi qayda ilə keçilən məşğələlərlə, mühazirələrlə barışa, geriyə addımlar ata bilmir. O, irəliyə baxır, ehtiyaclarını ödəyə biləcək tədris texnologiyalarına daha ciddi fikir verir. Obrazlı desək, belə dərslərdə “mürgüləmirlər”, sərbəst düşüncə yarışına həvəslə qoşulur, müzakirə mədəniyyəti nümayiş etdirir, öz mövqelərini qoruma bacarıqlarını təkmilləşdirirlər. Hər bir mühazirə onlara dialoq, əməkdaşlıq, tədqiqatçılıq, kəşf sevincini yaşadır. Dövlətimiz də hazırda ikinci yolun təhsil məkanına daha sürətlə daxil olması işində olduqca maraqlıdır. Son onilliklərin təcrübəsi, qəbul olunan qərarlar, imzalanan sərəncamlar dediklərimizə əyani sübut ola bilər.

Tədris prosesinin təşkilində yeni təlim texnologiyası sayılan interaktiv mühazirə metodu məhz modern yolun dəstəklədiyi ən mütərəqqi üsullardan biridir. O, həm tələbələrin ümumi inkişaf səviyyəsini, həm peşə hazırlığı qarşısında qoyulan tələbələri, həm tələbə şəxsiyyətindən müəllim şəxsiyyətinə keçilən yolu, həm də sənətini sevən bir gənc müəllimin yetişməsini özündə cəmləşdirə bilir. Biz bunu iş təcrübəmizdə uzun illərdir ki, sınaqdan çıxarmış və onun səmərəsini bir daha təsdiq etmişik.

Müəllim hazırlığı işində mühazirələrdə tələbələrin müşahidəçilik, müqayisə aparma, təhlillər etmə, fikrini fakt və dəlillərlə isbat etmə, aldığı nəticələri təqdim etmə, müzakirələr qoşulma, əməkdaşlıq etmə bacarıqları hərəkətə gətirilməzsə, interaktiv mühazirələrin imkanlarının kənara qoyulması demək olardı. Bu cür mühazirələrdə tələbələrdə həyati bacarıqlar daha da inkişaf etdirilir, müəllim imici formalaşdırılır və təsdiq olunur. İnteraktiv mühazirələrin hədəf götürəcəyi məsələlərdən biri də Blum taksonomiyası üzrə prosesin idarə olunmasıdır: mühazirə zamanı bilik(qavrama), anlama(mahiyyəti başa düşmə, onu öz sözləri ilə izah edə bilmə), tətbiq(biliklərin bacarıqlara çevrilməsi), təhlil (analiz)(məlumatın tərkib hissələrinin, onların qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi), tərkib(sintez)(tərkib hissələrinin yenidən birləşdirilməsi, kreativlk), dəyərləndirmə( bu yaxşıdır, ya pisdir. Nəyə görə?). Bu məsələni belə də izah etmək mümkündür: mühazirədə tələbələr bu bilikləri əldə edəcəklər(1), onu anladıqlarını nümayiş etdirəcəklər(2), alınan biliyi tətbiq edəcəklər(3), həmin biliyi tərkib hissələrinə ayıra biləcəklər(4), həmin hissələri başqa cür birləşdirərək yeni ideyalar yaradacaqlar(5), əldə olunan bilik və bacarıqlara dəyər verəcəklər(6).

Fənlərin tədrisində İnteraktiv mühazirələrin verdiyi imkanların ümumi mənzərəsi qeyd etdiklərimiz kimidir. Hər bir ali məktəb müəllimi təkcə müəllim hazırlığına xidmət edən fənlərin mühazirələrini deyil, mütəxəssis hazırlığına xidmət edəcək bütün fənlərin məşğələlərini interaktiv şəkildə qurarsa, əldə olunan nəticələr də keyfiyyət baxımından birmənalı şəkildə seçiləcəkdir. Gənclərin peşə hazırlığındakı gələcək uğurları interaktiv mühazirələrdən keçir. Bu həm də dövlətimizin biz müəllimlər qarşısında qoyduğu mühüm vəzilərdən biridir. Unutmayaq ki, Rəşid bəy Əfəndiyevin dediyi kimi, “Millətin səadəti əsasən müəllimdən asılıdır”.

Müşfiq BORÇALI,
Borcali.org

 

.