Nizami Məmmədzadə: DƏNİZ SEVGİSİ…

Dəniz sevgisi…

(Ömrünü dənizə qurban verənlərə ithaf edirəm)

Kimi torpağı sevir, kimi səmanı, kimi meşəni sevir, kimi həyatın bənzərsiz məqamlarını… Mən isə dənizi sevirəm. Mavi dalğaların çoşub-daşan anını sevirəm. Dənizi seyr edən zaman içimdə cövlan edən duyğularımda o saat şəffaflıq yaranır. O saat şirin xatirələrim oyanır və məni dənizin coşan dalğalarının qoynuna atır…
… Onda mən uşaq idim. Atamla dəniz sahilinə gedər, dənizin ləpələnən dalğalarının qoynuna tilovumuzu atar, saatlarla balıq tutar, axşamüstü evə qayıdardıq. Əlidolu gəldiyimizi görən anam sevinər, üzündə xoş təbəssümlər görünər, atamın yorğun üzünə baxar, sonra gəncliyində olduğu kimi onu nəvazişlə qarşılayar, məni qucaqlayıb bağrına basar, öpər-öpərdi… Mən anamı çox sevərdim, anamsa atamı!…
Bu sevginin necə bir sevgi olduğunu illər keçəndən sonra mən başa düşdüm. Atam qayğıkeş, mehriban, hər işin məqamını, yönünü-səmtini bilən adam idi. Mən atamı hamıdan güclü olduğu üçün çox sevirdim. Atam mənim üçün çox ucalıqda qərar tutan varlıq idi…
O, dənizi çox sevirdi. Dəniz onun seçdiyi yeganə məkan idi. Bu məkan dediyim və duzlu sulardan ibarət geniş, ucu-bucağı görünməyən dəniz məni də özünə ovsunlamışdı. Bu, ovsun məni maqnit kimi özünə çəkirdi. Əsrarəngiz rəngə malik olan dənizin sahilində addımladığım zaman ayağımın qumun üzərində yaratdığı izləri ləpələr yuduqca, mən yenidən daha çox izlər açır və dəniz ləpələrinin onları necə ahəstə-ahəstə silib-süpürdüyünün şahidi olurdum. Sahilboyu addımlayarkən yenə atamı düşünürdüm və bəzən ayaqlarımı yalayan dənizin müəmmalı hərəkəti, dalğaların acıqla özünü sahilə necə çırpması məni şirin xəyallardan ayırırdı… Sonra təkrarən bu şirin, əlçatmaz xəyallar məni öz ağuşuna alırdı. Dəfələrcə belə xəyalların qoynunda addamlamışdım sahil boyu… Sahilin uzaq məsafəsi sanki mənə ləzzət verirdi. Mən addımladıqca düşüncələrim mənə başqa bir sevgi aləmindən xəbər verirdi. Dalğaların sahilə çırpınan ləpələri isə gətirdiyi yosunlarla ayağımı sığallayırdı. Hər dəfə dəniz sahilinə gələndə sanki qayğıkeş atamın mənim yanımda olduğunu hiss edirdim…
Dənizi sevdiyim kimi atamı da sevirdim. Çünki dəniz sevgisini atam mənə aşılamışdı. Bu sevginin təsirindən yuxularımı da qarışdırıram. Bəzən o şirin yuxularım acı yuxular olub, atalı-atasız günlərimi mənə xatırladır. Ah, hardasız atalı günlərim? İndisə, atasız günlərim mənə dərd olub, ələm olub! Bəzən fədakar atamın gücə-gündüz çalışdığını, dənizin qoynundan neft çıxardığını düşünərkən, onun soyuqda dənizin coşan dalğalarıyla necə mübarizə apardığı gözümün önünə gəlir! Ah, fədakar atam! Daha səninlə birgə sahildə addımlamayacağıq! Daha dəniz bizim ayaq izlərimizi yumayacaq! Sən Dəniz adlı evinə köçübsən! Düşünürəm ki, bəlkə nə vaxtsa mən də sənin evinə qonaq gələcəyəm. Sənə qucaq dolu sevgi gətirəcəm, ata! O, mənə layla çalacaq! Anam kimi, atam kimi! Dalğaların donqar beli bəzən məni sahilə tərəf itələsə də mən getməyəcəm. Daha mənim də sənin yanında evim var, ata! Bu evin qapıları daim açıqdır. Daha içimdə dəniz sevgisini yaşadacam! Çünki mən əbədi olaraq sənin mavi qoynuna sığınaraq atamla birgə Dəniz adlı evdə yaşayacağıq, sevimli dənizim! Mənim sevgim, sevincim, həm də kədərim…
Dənizə vurulmuşam. Daha sevgim, sevincim Dəniz adlı məkandır. Axı, onun qoynundakı əlçatmaz dalğaların içində atam yaşayır. Ora mənim əbədi və uzunluğu sonsuzluq olan yerimdir. Amma hələ fikrimdə, beynimdə, sinəmdə və qəlbimdə dəniz sevgisi var. Atamı, anamı sevdiyim kimi, dənizi də daha çox sevirəm. Atam sahilində hələ gəzdiyim dənizi sevərək coşan dalğalar arasında yox olub əbədi məkana getdiyi kimi, mən də vaxt olacaq suların qoynuna gömüləcəyəm! Bir müddət keçəndən sonra mənim adımı da heç kim bilməyəcək, amma sənə-dənizə baxanlar bəlkə, hərdən məni də yada salacaqlar. Çünki bu sevgi yaşadacaq məni! Qəlbimdə dənizə olan sevgimi yaşatdığım kimi!…

Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti