28 il ərzində hazırlanmış yüzlərlə saz

Sazbənd Bafəli Adığözəlov hər gün evindən çıxaraq Marneuli bazarı ərazisində kirayələdiyi kiçik emalatxanasına gedir. O, əslən Bolnisi rayonun Dəllər kəndinəndir. Bir neçə ildir ki, Marneuliyə köçərək ailəsi ilə birlikdə burada yaşayır. Hər gün səhər evindən çıxaraq  emalatxanasına gedir. Səhər ilk işə başlamazdan əvvəl o, emalatxanasında çay içər, sonra isə öz işinə başlayar.

59 yaşlı müsahibimiz 28 ildir ki, bu sənətlə məşğuldur. Deyir ki, babasının, atasının aşıq sənətinə vurğunluğu ona da keçib. Uşaqlıqdan saz musiqisini sevib və ona görə də bu sənəti öyrənib. Sazla yanaşı ən çox sevdiyi sənətlərdən biri də qara zurna olub.

Sazbəndliyə marağın haradan gəldiyindən danışan Bafəli ustadı Kövrək Muradın yanına gedib gəldikcə bu sənətə vurulduğunu deyir.

Usta deyir ki, saz əsasən tut ağacından hazırlanır. Əvvəlcə ağac bir neçə hissəyə bölünür və qurudulur. Bundan sonra həmin ağac suya salınaraq qaynadılır.

Sazın hazırlanmasının uzun proses olmasından danışan Bafəli usta deyir ki, əvvələr sazın hazırlanması daha çətin idi. Hər bir işi ələ görürlərmiş.

Sazbənd həm də sazda ifa etməyi də bacarır. Deyir, “bu alətdə ifa edə bilməsən onu düzəldə bilməzsən”. Usta deyir ki, bu sənətin gələcəyə ötürülməsi üçün təmənasız öyrətməyə hazırdır, təki bu sənət unudulmasın.

Mənbə: “Marneuli” Radiosu