22 fevral tarixində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki ofisində Xocalı faciəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə gürcü və azərbaycanlı gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, KİV və QHT nümayəndələri, din xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının əməkdaşı Hacı Bəkiroğlu qətliam nəticəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anılmasını təklif edib.
Daha sonra o, öz sözlərinə “Tam 26- il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda bir qətliam həyata keçirildi. Yüzlərlə insan vəhşicəsinə qətl edildi. Bunların içərisində yaşlılar da vardı, qadınlarda, körpə uşaqlar da. Onu da vurğulayım ki, bu qətliam yalnız Xocalı sakinlərinə qarşı deyil bütün Türk dünyasıına qarşı törədilmişdir. Xocalı faciəsi yaxın tarixin yəni XX əsrin böyük faciələrindən biri idi. Hətta ən böyüyü idi desək yanılmarıq məncə. Ancaq nədənsə dünya yaxın tarixdə bu böyüklükdə bir faciəni görməməzlikdən gələrək 1915-ci ildə soyqırım axtarır” deyə davam edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Rəhim Rəhimzadə isə öz çıxışında Xocalı faciəsi ilə bağlı geniş məlumat verib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb.
“Bu ümumdünya bir faciədir. Bu qətliam dünyanın hər yerində yad edilməli, insanlar bu haqda məlumatlandırılmalıdır. Çünki bu faciədə yüzlərlə insanın həyatına qəsd olunub” deyərək Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov çıxış edib.
Marneuli Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin sədri Nərgiz Əliyeva isə öz çıxışı zamanı “Bu cür tədbirlərin xüsusən gənclərin maariflənməsi yönündə böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər nəinki öz həmvətənlərimiz arasında həm də gürcü cəmiyyətində də təşkil edilməlidir” deyə vurğulayıb.
Tədbirdə iştirak edən el ağsaqqalı, şair Zahid Ələmpaşalı Xocalı faciəsinə münasibət bildirdikdən sonra Azərbaycana və Türk dünyasına aid yazdığı şeirləri səsləndirib.
Tədbirdə həmçinin Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında oxuyan şagirdlər Xocalıya aid şeirlər səsləndiriblər.
Tədbir Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Əməkdaşlarının hazırladığı Xocalı soyqırımını əks etdirən qısa bir videofilmlə yekunlaşıb.