Rustavidə gürcü dilində fəaliyyət göstərən Kvemo Kartli tele-radio şirkətinin dəstəyi və “Salam” Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə azərbaycanlıların sosial həyat tərzindən, folklorundan, adət-ənənələrindən və təhsil sahəsindən, milli mətbuatından və digər sahələrdən bəhs edəcək 35 dəqiqəlik proqram fəaliyyətə başlayacaq. Proqram çərçivəsində Gürcüstan-Azərbaycan dostluğundan bəhs ediləcək silsilə verilişlər də təşkil olunacaq.
“Salam” Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova açıqlamasında Kvemo Kartli tele-radio şirkətinin televiziyasında cəmiyyətə yer ayrıldığını və tezliklə proqramın fəaliyyətə başlayacağını bildirib: “Verilişimiz “Rustaviyə salam deyək” adlandırılıb. Əsas məqsədimiz azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində TV vasitəsilə Azərbaycan və gürcü xalqının bir-birinə olan dostluğunu, qardaşlığını və məhəbbətini canlı şəkildə təbliğ etmək və hər iki xalqın adət-ənənəsində, yaşam tərzində maraqlı nə varsa, tamaşaçılara çatdırmaqdır. Ən başlıca məqsədimiz isə dəyərlərimizə yüksək qiymət vermək və hər iki dost və qardaş ölkənin daxili və xarici siyasətini dəstəkləməkdir,”- M. Rəcəbova qeyd edib.
“Salam” Xeyriyyə Cəmiyyətinin məlumatına görə, artıq yeni layihənin çəkilişlərinə başlanılıb və Azərbaycan dilində yayımlanacaq 35 dəqiqəlik veriliş üçün razılaşma imzalanıb.