QABAQCIL MÜƏLLİM

Hüseynzadə Günay Ələkbər qızı

Yalnız sözdə deyil, həm də

işdə hikmət sahibi ol!

N.Tusi

 

Onun yolunu çox gözləyən valideynləri həyatlarına günəş kimi doğduğuna, gecələrini ay kimi işıqlandırdığına görə adını Günay qoyublar. Ailənin ilk övladı olan Günay uşaqlıqdan sakit, mehriban, səmimi, məsuliyyətli, hamının sevgisini qazanmağı bacaran, ünsiyyətcil olub. Anasının sözlərinə görə uşaqlıqda incəsənətə xüsusi marağı olub, boş vaxtlarında rəsm çəkməyi sevirdi. Daha çox təbiət və geyim rəsmləri çəkməyə üstünlük verirdi, anası çəkdiyi rəsmləri hələ də saxladığını deyir. Məktəb illərində poeziyaya xüsusi marağı vardı , asudə vaxtlarında şeir yazmağı çox sevirdi. İlk şerini bacısına həsr etmişdi, sonralar ailə, vətən, həyatla bağlı maraqlı şeirlər yazmışdı. Onun maraq dairəsi bununla bitmədi. Orta təhsil illərində 7 il musiqi məktəbinə getmiş və fortepiano ixtisası üzrə təhsil alaraq, oranı da əla qiymətlərlə başa vurmuşdur. Əlavə olaraq Quranı ərəb dilində oxumağı da öyrənmişdi.

 

Günay Ələkbər qızı Hüseynzadə – 1985-ci il noyabrın 21-də soyuq qış gecəsində Bakı şəhərində dünyaya gəlmişdir. Xəzər rayonunun Binə qəsəbəsindəki Sabir Abbasova adına 117 saylı orta məktəbi bitirmişdir. Atasının sözlərinə görə riyaziyyata xüsusi sevgi Günaya ondan keçmişdir. Məktəb illərində müəllimləri onun güclü hafizəyə malik olduğunu, səlist danışığı, aktivliyi, güclü qavrama qabiliyyəti ilə digər şagirdlərdən fərqləndiyini deyirdilər. Uğurları ilə valideyn və müəllimlərini daim sevindirirdi, artiq adiləşmişdi, sanki belə də olmalı idi. Hansı olimpiadada, müsabiqədə iştirak etsə nailiyyət qazanırdı.

Artıq VII sinifdən Günay olimpiadalarda iştirak etməyə başlamışdır. Əvvəlcə rayon turunda I yeri tutmusdur. Riyaziyyat fənni üzrə silsilə keçirilən bütün olimpiadalarda müvəffəqiyyət əldə edərək fəxri fərmanlarla təltif edilmişdir. 2002-ci ildə Əzizbəyov rayon Təhsil Şöbəsinin (indiki Xəzər rayonu) III dərəcəli diplomu, 2003-ci ildə isə I dərəcəli diplomu ilə təltif edilmişdir. Elə həmin il məktəbi fərqlənmə attestatı ilə bitirmiş və qəbul imtahanlarından 640 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmuşdur. Həmin il rayon üzrə ən yüksək nəticə göstərdiyi üçün Təhsil Şöbəsi tərəfindən qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır. Hazırda da bitirdiyi məktəbin fəxri olaraq məktəbin Şərəf Löhvəsindən şəkli asılır.

Məktəb illərində qazandığı bütün nailiyyətlərə görə məktəbin direkroru Əlisa müəllim, ibtidai sinif müəllimi Qəribə xanım, riyaziyyatdan Tarverdi müəllim, fizikadan Hüseynağa müəllim, kimya müəllimi Zəminə xanım və Azərbaycan dili müəllimi Nailə xanım başda olmaqla bütün məktəb kollektivinə ömrü boyu minnətdar olacağını bildirir.

 

Günay 2007-ci ildə BDU-nu də fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il qəbul imtahanlarından yüksək nəticə göstərərək təhsilini Bakı Dövlət Universiteti riyazi kibernetika ixtisası üzrə magistratura pilləsində davam etdirmişdir. 2009-cu ildə magistratura pilləsini də əla qiymətlərlə bitirmişdir. Doktorantura pilləsinə qəbulda dəyişiklik edildiyinə görə həmin il qəbul dayandırıldı. Lakin Günay təhsilini davam etdirmək istəyirdi. Bir neçə il yaranan fasilə zamanı elmi fəaliyyətini davam etdirmişdir. 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş konfrans materialları jurnalında “Volterra tipli iki ölçülü inteqral tənliklər sistemi ilə təsvir olunan bir optimal idarəetmə məsələsində optimallıq şərtləri” adlı məqaləsi dərc olunmuşdur. 2010-cu ildə “Problems of Cybernetics and İnformatics” III beynəlxalq konfransının materiallarından ibarət jurnalda “Necessary optimality conditions in one discretely continuous control problem” məqaləsi çap olunmuşdur.

2011-ci ildə doktoranturaya qəbul elan edildikdən sonra imtahanlarda əla nəticə göstərərək doktorantura pilləsində təhsilini davam etdirməyə başlamışdır. Hazırda “Diskret-kəsilməz optimal idarəetmə məsələsinin həlli üçün optimallıq şərtləri“ adlı elmi iş üzərində çalışır. AMEA-nın İnformatika və İdarəetmə Problemləri, Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın aktual problemləri“ beynəlxalq konfransının materialları, “Azərbaycan Milli Elmlər Akademiyasının məruzələri” jurnallarında bir sıra elmi məqalələri çap olunmuşdur. Elmi fəaliyyətində ona dəstək olduğuna,onu istiqamətləndirdiyinə görə f-r.e.d. professor Kamil Mənsimova minnətdarlığını bildirir.

 

Bakalavr pilləsini bitirdikdən sonra 2007-ci ildən Nərimanov rayonundakı M. Şəhriyar adına 193 saylı orta məktəbdə riyaziyyat və informatika müəllimi vəzifəsində çalışmağa başlamışdır. Bununla yanaşı hazırda Bakı Modern Məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışır.

Elmi fəalliyyəti ilə yanaşı peşə fəaliyyətində də nailiyyətlər qazanmışdır. 2013-cü ildə informatika müəllimləri arasında keçirilən “Ən yaxşı video tədris resursu“ müsabiqəsində I yeri tutaraq diplomla təltif edilmişdir. 2013-cü ilin aprel ayında Respublika Təhsil Mərkəzinin MXXI əsrin zıyalıları” MM Cəmiyyəti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən Fəxri diplom və  “Qabaqcıl müəllim”  fəxri mükafatı ilə təltif olunmuşdur. 2013-cü ilin dekabrında “Smart texnologies” şirkətinin məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün təşkil etdiyi “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlimində iştirak etmişdir. 2014-cü ilin mart ayında “Web 2.0 texnologiyaları – passiv təhsildən aktiv təhsilə” təliminin iştirakçısı olmuş, fərqləndiyinə görə fərqlənmə setifikatı almışdır. 2014-cü ilin may ayında “EduMedia-Azərbaycan” şirkətinin təşkil etdiyi “Promethean interaktiv löhvələrinin tədrisə tətbiqi” təliminin təlimçisi kimi fəaliyyət göstərir.

 

         

 

Günay Hüseynzadə: “ – Təhsilimdə ən çox xatırladığım gün iştirak etdiyim ilk olimpiadada qazandığım uğur sayəsində valideynlərim və müəllimlərimin üzündəki sevinc və qüruru gördüyüm gündür. O gün mənə gələcəyə doğru iti addımlarla irəliləmək stimulu verdi və riyaziyyat fənninə marağı artırdı.

Mən düşünürəm ki, çalışmaqla, təslim olmamaqla həyatda bir çox nailiyyətlər əldə etmək olar. Lakin əsas olan ruhdan düşməmək və məqsədinə doğru irəliləməkdir. Əgər ətrafımda mehriban, sağlam ruhlu və sağlam düşüncəli bir ailəm, perspektivli karyeram və gözəl dostlarım varsa, mən xoşbəxtəm. Ən böyük arzum bu həyatda, yaşadığım cəmiyyətdə özümdən sonra mənim adımla bağlı olacaq bir iz qoya bilməkdir.”

         

 

Biz də şərəfli peşə sahibi, çox hörmətli Hüseynzadə Gülnaz müəlliməyə  

elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

 

Müşfiq BORÇALI,

ZiM.Az

 

      

 

ZiM.Az